На русском

Keçmiş ümmətlərdə namaz mövcud olmuşdurmu?

İslam ümmətində olduğu kimi, keçmiş ümmətlərdə də ibadət mövcud olmuşdur. Qeyd edək ki, əgər ortada təkallahlıq dini mövcuddursa, deməli, ibadət də mövcud olmalıdır. Belə ki, Allahu-təala Qurani-Kərimdə buyurur: “Mən insanları və cinləri mənə ibadət etsinlər deyə yaratdım.” Deməli, ibadət insanın yaradılış səbəbidir. Elə isə insanın yaradılış səbəbi olan bir işin müəyyən dəstə ilə məhdudlaşıb digər bir dəstəyə aid olmaması qeyri-mümkün işdir. Elə buna görədir ki, Qurani-Kərimdə keçmiş ümmətlərin də namaz qılması dəfələrlə qeyd olunmuşdur. Buna Qurani-Kərimdən misallar göstərməzdən qabaq, dilimizdə “namaz” adlandırdığımız bu ibadətin ərəb dilindəki və Qurandakı əsl kökünə qısa şəkildə nəzər salar.

Namaz ərəb dilində “əs-salət” adlanır. “Əs-salət” sözü ərəb dilçilərinin də qeyd etdiyi kimi, “dua” mənasına gəlir. Termin olaraq isə səcdə və rükü kimi müəyyən hərəkətlərdən ibarət olan ibadət forması deməkdir.

Allahu-təala Qurani-Kərimdə keçmiş Peyğəmbərlərə (əleyhimus-səlam) və onların ümmətlərinə namazın vacib olmasına işarə etmişdir. Qurani-Kərimdə gələn məlumatlardan belə başa düşülür ki, onların namazı ilə hal-hazırda müsəlmanların qıldıqları namaz ümumi baxımdan bir-birlərinə oxşar olmuş, lakin, cüziyyatda və kəlimələrdə fərqlilik mövcud olmuşdur.

Gəlin, keçmiş ümmətlərdə namazın mövcud olması ilə bağlı Qurani-Kərimdə gələn ayələrə nəzər salaq:

1. “(Zəkəriyya) mehrabda ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər...” (Ali-İmran surəsi, 39).

2. “O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.” (Məryəm surəsi, 31).

3. “Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və möminləri (zəfərlə, Cənnətlə) müjdələyin!” – deyə vəhy etdik.” (Yunus surəsi, 87).

4. “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!” (İbrahim surəsi, 40) və s.

Bu və sair kimi ayələrdən başa düşürük ki, keçmiş ümmətlərdə də namaz mövcud olmuşdur.

Qurani-Kərimdə gələn digər qurup ayələrdən isə belə başa düşülür ki, onların namazları, az əvvəl də dediyimiz kimi, ümumi baxımdan biz müsəlmanların qıldığı namazlara bənzəyib. Belə ki, Allahu-təala buyurur:

“İbrahimə və İsmailə belə tövsiyə etdik: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin!” (Bəqərə surəsi, 125).

Habelə:

“Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” (Ali-İmran surəsi, 43).

Bu ayələrdən belə başa düşülür ki, keçmiş ümmətlərin namazlarında da səcdə və rüku olmuşdur. Bunu birinci ayədəki “rüku və səcdə ilə namaz qılanlar üçün..” sözü və ikinci ayədəki “qapan və rüku edənlərlə birlikdə rüku et” sözü təsdiq edir.

Deməli, keçmiş ümmətlərdə də namaz olmuşdur və bu namaz bizim rüku və səcdələr baxımından biz müsəlmanların namazları ilə oxşar olmuşdur.

Onların bu namazlarda dedikləri söz və ya ilahi kəlimələrə gəlincə isə bu barədə əlimizdə kifayət qədər məlumat yoxdur.

Hazırladı: Abu Ali

Yerləşdirilib: 23 Fevral, 2015  23:45 Baxılıb: 1202 Çap
Məqalələr