На русском

Səhabə

Əhli-sünnə alimi Əbdül-Munim əl-Həfəninin Peyğəmbər (s.ə.a) xanımı Ümmü Sələməyə hörmətsizliyi!

Aşağıda hörmətli oxuculara göstərəcəyimiz faktlar hər nə qədər təəssüfverici olsa da, reallıqdır. Əfsuslar olsun ki, əsrlər boyu İmam Əli ibn Əbi Talibə (əleyhis-səlam) qarşı tutulan haqsız mövqe hələ də davam etməkdədir, hələ də o Həzrətlə döyüşə qalxan şəxsləri bir şəkildə müdafiə edilməyə çalışırlar. Aşağıda bunun bir nümunəsini və ona verəcəyimiz cavabı görəcəksiniz.

“Mausuatu-Ummil-Mumiminin Aişə binti Əbi Bəkr” kitabında deyilir:

وعمر بن أبي سلمة رباه النبي صلى الله عليه وسلم وكان كأمه أم سلمة من الشيعة, وشهد مع علي وقعة الجمل وكافأه بأن ولاه على البحرين! وفي الحديث اثنا عشر حديثاً انضمت مع بعضها, وأم سلمة ما كانت تستطيع الخروج مع علي لكبر سنها وسمنتها وليس لما ذكرته من أسباب, بينما عائشة كانت نحيفة وما تزال شابة قوية, فقد كانت في الثالثة والأربعين من عمرها, وكانت تفهم الإسلام على غير ما تفهمه أم سلمة, فعائشة كانت مجاهدة وداعية, ولم تكن أم سلمة من ذلك في شيء.


Ömər ibn Əbi Sələməni Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) böyütmüşdür. O, anası Ümmü-Sələmə kimi şiə (Əli tərəfdarı) idi. O, Əli ilə birgə Cəməl döyüşündə iştirak etmişdir. Əli də (hakimiyyətə gəldikdən sonra) onu Bəhreynə hakimi təyin etməklə mükafatlandırdı! Hədisdə bir-birinə qarışmış on iki hədis vardır.1 Ümmü-Sələmə yaşının çox olması və kök olması səbəbindən Əli ilə birgə döyüşə çıxa bilmirdi, daha dediyi səbəblərdən deyil. Halbuki, Aişə arıq idi, hələ də cavan və güclü idi. O zaman onun qırx üç yaşı var idi. O, İslamı Ümmü-Sələmənin başa düşdüyündən fərqli şəkildə başa düşürdü. Belə ki, Aişə mücahidə və daiyə (haqqa dəvət edən) idi. Ümmü-Sələmədə bunların heç biri yox idi.

________________________________________

1 Daha öncə qeyd olunan bir hədisdən söhbət gedir. (Red.)

 

 

 

 

 

 

Fotoşəkil:: Dr. Əbdül-Munim əl-Həfəni, Mausuatu-Ummil-Mumiminin Aişə binti Əbi Bəkr, səh.798; Məktəbə Mədbuli, Qahirə, Misir, 1423/2003

Şərhlər və iradlar:

1. İlk olaraq müəllifin “Əli də (hakimiyyətə gəldikdən sonra) onu Bəhreynə hakimi təyin etməklə mükafatlandırdı!” sözünə diqqət çəkmək istəyirik. Gördüyünüz kimi, müəllif bu cümlə ilə belə bir mənzərə yaratmağa çalışmışdır ki, sanki İmam Əli (əleyhis-səlam) Ömər ibn Əbi Sələməni (radiyallahu anh) məhz etdiyi köməyinin qarşılığında yüksək bir posta təyin edib. Cümləsinin ardında nida işarəsi qoyması buna bir daha dəlalət edir. Lakin, müəllif məsələyə insaf pəncərəsindən nəzər salsaydı başa düşərdi ki, İmam Əli (əleyhis-səlam) digər xəlifələrdən fərqli olaraq heç bir kəsi yaxınlıq, qohumluq, əvəz vermə və s. bu kimi cılız səbəblərdən hakim mövqeyə təyin etməyib. Əgər İmam Əli (əleyhis-səlam) Ömər ibn Əbi Sələməni Bəhreynə hakim təyin etmişdisə, bunu onun idarə etmə və döyüş bacarığına görə, habelə, iman və rəşadətinə görə etmişdir. Bunu Həzrət İmamın “Nəhcül-Bəlağə”də Ömər ibn Əbi Sələmə barədə dediyi sözlərə nəzər salan kəslər asanlıqla görə bilərlər. İmamın (əleyhis-səlam) Ömər ibn Əbi Sələməyə göndərdiyi məktubun məzmunu Ömərin necə böyük bir bacarığa və rəşadətə sahib olduğuna şahidlik edir. Elə isə, müəllifin bu hərəkəti yanlışdır və həqiqəti əks etdirmir.

2. İkinci diqqət çəkmək istədiyimiz məqam budur ki, mətndən də gördüyünüz kimi, kitabın müəllif Aişənin İmam Əliyə (əleyhis-səlam) qarşı çıxmasına bir yolla bəraət qazandırmağa çalışmışdır. Bunun üçün o, hətta Peyğəmbər xanımı Ümmü-Sələməni (radiyallahu anhə) belə alət etməkdən çəkinməyib. Belə ki, güya Ümmü-Sələmə kök və yaşlı bir qadın olmasaydı, naməhrəm kişilərə qoşulub döyüşə çıxacaqdı! (Yəqin müəllifin fikrincə, o da Əlinin qoşununda bir dəvəyə minib döyüş idarə edəcəkdi...) Lakin, xanım Aişə belə deyildi. Xanım Aişə arıq, çevik, cavan, “mücahidə” və “haqq carçısı” idi. Odur ki, naməhrəm kişilərin əhatəsində dəvəyə minib cihad etmiş və batil yolda olanları haqqa dəvət etmişdir...

Görəsən, müəllif bu əfsanələri danışanadək nə üçün Ümmü-Sələmənin döyüşə qatılmamasının həqiqi səbəbini açıqlamırdı? Görəsən, müəllifin bu səbəblərdən xəbəri yox idi, yoxsa, özünü bilməzliyə vururdu?

Məgər müəllif bilmirdi ki, Allah “evlərinizdə oturun” (Əhzab surəsi, 33) deyərək Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımlarına evlərində oturmağı əmr etmişdi və bu səbəbdən də Ümmü-Sələmə (radiyallahu anhə) evindən çıxmırdı?

Məgər müəllif bilmirdi ki, Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alihi və səlləm) son həccində xanımlarına bir daha Həccə getməmələrini və evlərində əyləşmələrini əmr etmişdir? Belə ki, Əlbani “Səhih əl-cami əs-sağir” kitabında deyir:

«هذه ثم ظهور الحصر» - قاله صلى الله عليه وسلم لأزواجه في حجة الوداع

(صحيح)


“Bu (son həccinizdir), bundan sonra evlərinizdə oturacaqsınız.” Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm)  bunu “vida həcci”ndə xanımlarına demişdir.”

“Səhihdir.”

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd Nasiruddin əl-Əlbani, Səhih əl-cami əs-sağir, c.1, səh.1175, h.7008; Məktəbə əl-İslamiyyə, Beyrut, 1408/1988

Görəsən, müəllif bilmirdi ki, Ümmü-Sələmə (radiyallahu anhə) köklük və yaşlılıq səbəbindən deyil, Allah və Rəsuluna asi olmamaqdan ötrü bu döyüşə qatılmırdı? Olmaya xanım Aişəni vəziyyətdən qurtarmaqdan ötrü xanım Ümmü-Sələməyə də yalan dediyini nisbət verir? Əks halda “Ümmü-Sələmə yaşının çox olması və kök olması səbəbindən Əli ilə birgə döyüşə çıxa bilmirdi, daha dediyi səbəblərdən deyil” sözünün mənası nədir? Ümmü-Sələməyə inanaq, yoxsa, sənə, hörmətli müəllif?

Hakim “əl-Mustədrək” kitabında belə nəql edir:

حدثني أبو سعيد أحمد بن يعقوب الثقفي من أصل كتابه ثنا الحسن بن علي بن شبيب المعمري ثنا عبد الله بن صالح الأزدي حدثني محمد بن سليمان بن الأصبهاني عن سعيد بن مسلم الملكي عن عمرة بنت عبد الرحمن قالت : لما سار علي إلى البصرة دخل على أم سلمة زوج النبي صلى الله عليه و سلم فقالت : سر في حفظ الله و في كنفه فو الله إنك لعلى الحق و الحق معك و لولا أني أكره أن أعصى الله و رسوله فإنه أمرنا صلى الله عليه و سلم أن نقر في بيوتنا لسرت معك و لكن و الله لأرسلن معك من هو أفضل عندي و أعز علي من نفسي ابني عمر


Əbu Səid Əhməd b. Yaqub əs-Səqəfi öz kitabından nəql edir ki, bizə Həsən b. Əli b. Şəbib əl-Muammiri rəvayə etdi, bizə Abdullah b. Salih əl-Əzdi rəvayət etdi, bizə  Muhəmməd b. Suleyman b. əl-İsbahanidən, o da Səid b. Müslim əl-Malikidən rəvayət edir ki, Umrə binti Əbdür-Rəhman dedi: “Əli Bəsrəyə yola düşərkən vidalaşmaqdan ötrü Peyğəmbərin xanımı (sallallahu əleyhi [və alihi] və səlləm) Ümmü-Sələmənin yanına daxil oldu. Ümmü-Sələmə dedi: “Allahın hifzi və qoruması ilə yola düş. Allaha and olsun ki, sən haqq üzərəsən və haqq səninlədir. Əgər mən Allahın və Rəsulunun əmrinə asi olmaq istəməsəydim – belə ki, o bizə evlərimizdə oturmağı əmr edib – səninlə birgə gələrdim. Lakin, Allaha and olsun ki, öz yanımda ən fəzilətli şəxsi və mənə canımdan əziz olan şəxsi - oğlum Öməri səninlə göndərəcəyəm.”

Davamında Hakim deyir:

هذه الأحاديث الثلاثة كلها صحيحة على شرط الشيخين و لم يخرجاه

“Bu üç hədisin hər üçü* şeyxeynin (Buxari və Müslimin) şərtinə əsasən səhihdir, lakin onlar bunları öz kitablarında gətirməmişlər.”

________________________________________

* Bu hədisdən öncə başqa iki hədis də qeyd edir. (Red.)

Zəhəbi “ət-Təlxis”də bu hədis barədə deyir:

على شرط البخاري ومسلم

“Buxarinin və Müslimin şərtinə əsasəndir.”

 

 

 

 

 

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.129, №4611; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1422 - 2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata (əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə)

Elə isə, ümmül-möminin Ümmü-Sələmə Allah və Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) əmrlərinə tabe olaraq evində oturmuşdur. Evindən çıxıb Allaha və Peyğəmbərinə asi olmaq və bununla da böyük günah qazanmaq istəməmişdir. Elə isə, müəllifin nə cür bir xəta etdiyini anlamış olursunuz. O, xanım Aişənin etdiyi işə haqq qazandırmaqdan ötrü, Ümmü-Sələməni də batil niyyətlərinə alət etmişdir. Allahdan bütün müsəlmanlara bəsirət və hidayət əta etməsini diləyirik.

313news.net

Yerləşdirilib: 28 Mart, 2015  15:38 Baxılıb: 1191 Çap
Məqalələr