На русском

İbn Teymiyyə: "Mütə nikahı ağıla və fitrətə zidd deyil!"

Əziz oxucular, mütə nikahı barədə sələfilərin çirkin sözlərinə tez-tez rast gəlirik. Əksər hallarda bu nikahın çirkin iş olduğu və fitrətə, ağıla uyğun gəlmədiyi deyilir. Bu kiçik məqalədə sələfilərin baş taclarından biri olan İbn Teymiyyənin sözləri ilə bu irada cavab verəcəyik.

İbn Qayyim əl-Cəvziyyə özünün “İğasətul-Ləhfan” əsərinin 490-cı səhifəsində, “təhlil nikahı” adlı nikah növünü müzakirə edərkən deyir:

وسمعت شيخ الإسلام يقول : نكاح المتعة خير من نكاح التحليل من عشرة أوجه

Şeyxul-İslamın (İbn Teymiyyənin) belə dediyini eşitdim: “Mütə nikahı 10-dan çox cəhətinə görə təhlil nikahından üstündür”.

 

 

 

 

 

 

Fotoşəkil: İbn Qayyim əl-Cəvziyyə, İğasətul-ləhfan, səh.490

“Təhlil nikahı” nədir? Məlum olduğu üzrə, talaq (talaqdan sonra qadın və kişinin yenidən bir-birləri ilə evlənib evlənə bilməyəcəyinə görə) iki növə bölünür: ric`i talaq və bain talaq. Ric`i talaq zamanı kişi və qadın yenidən əqd bağlayıb bir-birlərinə qayıda bilərlər. Bain talaq zamanı isə kişi ilə qadın, yalnız qadın başqa bir kişi ilə evlənib aralarında yaxınlıq baş tutduqdan və bir-birlərindən ayrıldıqdan sonra evlənə bilərlər. Bain talaqın bir neçə növü vardır ki, bunlardan biri də üç dəfə boşanmış qadının talağıdır. Belə bir talaq zamanı qadın yuxarıda deyilən şərtlə başqa bir kişi ilə evlənib boşanmayınca öz keçmiş ərinə qayıda bilməz. “Təhlil nikahı” isə kişinin üç dəfə talaq vermiş qadını ilə yenidən evlənə bilməsi üçün başqa bir kişini gətirib öz arvadı ilə evləndirməsinə deyilir. Bu zaman onların arasında yaxınlıq baş tutur. Bundan sonra isə, “icarə”yə tutulan kişi həmin arvadı boşayır və beləcə birinci şəxs yenidən öz arvadı ilə evlənir.

Bundan sonra İbn Qayyim əl-Cəvziyyə İbn Teymiyyənin sadaladığı həmin üstünlükləri qeyd edir. Qeyd edək ki, İbn Teymiyyənin mütə nikahı ilə bağlı qeyd etdiyi həmin sözlərdə olduqca maraqlı məqamlar vardır. Lakin, biz uzunçuluq olmasın deyə bu məqamların hamısını təqdim etmirik, bunu başqa münasib bir vaxta saxlayaraq onun dedikləri arasından birini qeyd etməklə kifayətlənirik.

İbn Teymiyyə mütə nikahının təhlil nikahından üstünlüyünü qeyd edərkən səkkizinci üstünlük kimi aşağıdakını qeyd edir:

الثامن : أن الفطر السليمة والقلوب التي لم يتمكن منها مرض الجهل والتقليد تنفر من التحليل أشد نفار وتعير به أعظم تعيير حتى إن كثيرا من النساء تعير المرأة به أكثر مما تعيرها بالزنا ونكاح المتعة لا تنفر منه الفطر والعقول ولو نفرت منه لم يبح في أول الإسلام

Səkkiz: sağlam fitrətlər, cəhalət və təqlid xəstəliyinə bulaşmayan qəlblər təhlil nikahına qarşı ən şiddətli şəkildə nifrət duyur, onu ən şiddətli şəkildə məzəmmət edirlər. Hətta, bir çox qadınlar bu işi edən qadını zinadan daha çox məzəmmət edib danlayırlar.1 Mütə nikahına gəlincə isə, fitrətlər və ağıllar bundan nifrət duymurlar. Əgər fitrət və ağıllar ona qarşı nifrət duysaydılar, o zaman bu nikah İslamın əvvəlində mübah edilməzdi.

_________________________________________________________

1 Yəni, onun etdiyi bu işi onun zina etməsindən daha çox danlayırlar. Başqa sözlə, zina etsə, bu qədər danlamırlar. (Red.)

 

 

 

 

 

 

Fotoşəkil: İbn Qayyim əl-Cəvziyyə, İğasətul-ləhfan, səh.492

Deməli, vəhhabi əqidəsinin atası sayılan İbn Teymiyyə etiraf edir ki, fitrət və ağıl mütə nikahından nifrət duymur! Əgər duysaydı, İslam onu halal etməzdi!

Görəsən, bundan sonra kimlərsə qalxıb “mütə nikahı İslamın ruhu ilə uyğun gəlmir”, “insan fitrəti bunu qəbul etmir” və s. kimi sözlər deyəcəklərmi?!

Əlbəttə, İbn Teymiyyə bu hökmün sonradan nəsx olunduğunu deyir. Lakin, bu məqamda mütə nikahının nəsx olub-olmadığı mühüm deyildir. Çünki, bu məsələ də digər məsələlər kimi ixtilaflı məsələlərdən biridir. Şiələrin bu məsələ barədə kifayət qədər dəlilləri vardır. Şiələr Əhli-Beyt (əleyhimus-səlam)-ın, eləcə də, İbn Abbas və İbn Məsud kimi (Allah onlardan razı olsun) səhabələrin sözlərinə əsaslanaraq bu nikahın ləğv olunmadığını deyirlər. Necə ki, elə İbn Teymiyyənin özü üçüncü bənddə İbn Abbas və İbn Məsudun mütə nikahının nəsx olunmamasına etiqad etdiklərini etiraf etmişdir.

Mühüm olan, mütə nikahının əqlən və ya fitrətən çirkin iş sayılıb sayılmamasıdır. İbn Teymiyyə də etiraf edir ki, bu iş əqlən və fitrətən məqbul işdir. Elə isə, bununla mütə nikahına tənə etmək istəyən şəxslərin önündə başqa bir qapı da bağlanmış olur.

Elə isə, haqqı müxalifin dilindən cari edən Allaha həmd olsun.

313news.net

Yerləşdirilib: 15 May, 2015  02:34 Baxılıb: 1373 Çap
Məqalələr