На русском

Şiələr Quranı zəif hədislərlə təfsir edirlər?

Sual: Şiənin bəzi müxalifləri deyirlər ki, şiələr “Üsuli-Kafi”nin əksər hədislərinin zəif olduğunu və Qurandan başqa səhih kitablarının olmadığını deyirlər. Belə olan halda, Quranın təfsirinin, özlərinin də etiraf etdikləri kimi əksəriyyəti zəif olan bir kitabda olduğunu necə iddia edirlər? (Yəni, əgər “əl-Kafi” kitabındakı hədislərin əksəriyyətinin zəif olduğunu etiraf edirlərsə, buradakı təfsirlə bağlı hədisləri Quranın həqiqi təfsiri olduğunu necə iddia edirlər?)

Qeyd: bu sualı biz sələfi şeyxi Suleyman ibn Salih əl-Xəraşinin məqaləsində tapdıq.

Onlayn mənbə: http://www.saaid.net/Warathah/Alkharashy/40.htm

Bu iradın cavabları aşağıdakılardır:

1) Şiələr Quranın təfsirinin “Üsuli-Kafi”də olduğunu iddia etməyiblər. Bu iddianı irəli sürənlər qarşı tərəfə öz iddiasını əsaslandırmaq üçün şiə alimlərinin kitablarından dəlil gətirməlidirlər. Hər hansı bir elmi əsas olmadan bu cür töhmət vurmağın heç bir qiyməti yoxdur.

Məlum olduğu kimi, “əl-Kafi” kitabı iki qismə ayrılır:

1) “Üsul əl-Kafi” - əqidə əsaslarını bəyan edən qisim,

2) “Furu əl-Kafi” - fiqhi hökümləri bəyan edən qisim.

Bu kitab ötəri olmaqdan savayı Quranın təfsirinə dair hədisləri özündə ehtiva etmir. Təfsirə dair hədisləri ehtiva edən kitablar Seyyid Haşim Bəhraninin "Kitabul-Burhan fi təfsiril-Quran", Şeyx Әbduəli Huveyzinin "Nurus-səqəleyn",  Feyz Kaşaninin "Təfsirus-Safi" kitabları, həmçinin "Təfsiru-Qummi" və "Təfsiru-Әyyaşi" adlı təfsir kitablarıdır.

2) “Üsuli-Kafi”də nəql olunan mötəbər hədislərin sayı 6000-dən çoxdur. Fəxruddin Tureyhi (1085 h.q) deyir:

أما الكافي فجميع أحاديثه حُصرت في  ستة عشر ألف حديث ومائة وتسعة وتسعين [16199] حديثاً، الصحيح منها باصطلاح مَن تأخَّر خمسة آلاف واثنان وسبعون [5072]، [والحسن مائة وأربعة وأربعون حديثاً (144)]، والموثَّق ألف ومائة وثمانية عشر حديثاً [1118]، والقوي منها اثنان وثلاثمائة [302]، والضعيف منها أربعمائة وتسعة آلاف وخمسة وثمانون [9485] حديثاً، والله أعلم.


“Üsuli-Kafi”nin bütün hədislərinin sayı 16199-dur. Bu hədislərdən sonrakı alimlərin terminalogiyasına görə səhih olanların sayı 5072-dir. Həsən hədislərin sayı 144-dür. Müvəssəq hədislərin sayı 1118-dir. Güclü hədislərin sayı 302-dir. Zəif hədislərin sayı isə 9485-dir. Әn doğrusunu bilən Allahdır.1

Həmin mətləbi Şeyx Yusif Bəhrani "Luluətul-Bəhreyn" kitabının 394-cü səhifəsində bəzi hədis ustadlarından, Seyyid Bəhrul-ulum rical kitabının 3-cü cild 331-ci səhifəsində, Ağa Bozorq Tehrani "əz-Zəria ila təsanif-şiə" kitabının 17-ci cildinin 245-ci səhifəsində və digərləri öz kitablarında qeyd edib.

Deməli, “əl-Kafi” kitabında olan mötəbər hədislərin sayı 6636 civarındadır. Bu səhih hədislər  təkrar olanları sildikdə “Səhih əl-Buxari” və “Səhih Müslim”də olan hədislərin sayından, bəlkə də hətta sünni kitablarında nəql olunan səhih hədislərin sayından çox olmaqdadır.

İbn Həcər əl-Әsqalani deyir:

فأما ما يتعلّق بالأحكام خاصّة، فقد ذكر أبو جعفر محمد بن الحسين البغدادي في كتاب «التمييز» له عن الثوري، وشعبة، ويحيى بن سعيد القطان، وابن مهدي، وأحمد بن حنبل، وغيرهم، أن جملة الأحاديث المسندة عن النبي صلى الله عليه وعلى آله وسلم (يعني الصحيحة بلا تكرير) أربعة آلاف وأربعمائة حديث، وعن إسحاق بن راهويه أنه سبعة آلاف ونيف. وقال أحمد بن حنبل: وسمعت ابن مهدي يقول: الحلال والحرام من ذلك ثمانمائة حديث. وكذا قال إسحاق بن راهويه عن سعيد عن يحيى بن سعيد.


Əhkamla əlaqəli hədislərə gəldikdə, Әbu Cəfər Məhəmməd ibn Hüseyn əl-Bağdadi “ət-Təmyiz” kitabında əs-Səvri, əş-Şubə, Yəhyə ibn Səid əl-Qəttan, İbn Mehdi, Әhməd ibn Hənbəl və digərlərindən nəql edir ki, peyğəmbərdən təkrar olmadan səhih sənədlə nəql olunmuş hədislərin sayı 4400-dür. İbn İshaqın isə 7500 dediyini nəql edib. Әhməd ibn Hənbəl deyir: "İbn Mehdinin bele dediyini eşitdim: “Bu hədislərdən halal və haramla bağlı olanların sayı isə 800-dür.”  İshaq ibn Rahaveyh də eyni sözü Yəhya ibn Səiddən nəql edərək deyir.2

Әgər “Səhih-Buxari” və “Səhih-Müslim”də Quranın təfsirinə dair hədislər mövcuddursa, nəyə görə bu müxalif “əl-Kafi”nin də Quran təfsirinə dair hədisləri ehtiva etməsinə təəccüblənir, bir halda ki, “əl-Kafi”də olan səhih hədislərin sayı bu iki kitabdakı sahih hədislərin sayından çoxdur? Bununla yanaşı, şiələrdə “əl-Kafi”dən əlavə Quran təfsirinə dair yuxarıda qeyd etdiyimiz başqa kitablar da vardır.

3) Әhli-sünnənin “Təfsirut-Təbəri”, “əd-Durrul-mənsur”, “Təfsirul-Qurtubi” və digər məşhur təfsir kitabları sənəd yönündən zəif hədislərlə doludur. Hətta bu hədislərin böyük bir hissəsi Kəbul-əhbar kimi yəhudi, Vəhəb ibn Münəbbih kimi xristianlardan nəql olunub. Bəs onlar Quranın təfsirində bu cür hədisləri necə nəql edirlər? Halbuki, şiələrin nəql etdikləri hədislər, sənəd yönündən zəif olduqlarını qəbul etsək belə, yəhudi və xristianlardan nəql olunmayıb, əhli-beyt imamlarından nəql olunub.

Həmçinin bəzi sünni alimləri təfsir kitablarının sənədsiz olduqlarını etiraf ediblər.

Zərkəşi yazır:

قال الميموني: سمعت أحمد بن حنبل يقول: ثلاث كتب ليس لها أصول: المغازي، والملاحم، والتفسير. قال المحققون من أصحابه: ومراده أن الغالب أنها ليس لها أسانيد صحاح متصلة، وإلا فقد صحَّ من ذلك كثير.


Əl-Məymuni deyir: Әhməd ibn Hənbəlin belə dediyini eşitdim: “3 növ kitab var ki, sənədləri yoxdur: bunlar Məğazi (müharibələrə dair kitablar), Məlahim (axirəz-zamanda olacaq hadislərə dair kitablar), təfsir.” Öz məzhəbindən olan araşdırmaçı alimlər deyib: “Bu sözdən məqsədi əksər kitabların səhih və tam sənədlə nəql olunmamsıdır.”3

Səxavi deyir:

وأما كتب التفسير فمن أشهرها كتابا الكلبي ومقاتل بن سليمان، وقد قال أحمد في تفسير الكلبي: من أوله إلى آخره كذب. قيل له: فيحل النظر فيه؟ قال: لا.


Təfsir kitablarına gəldikdə, bunlardan ən məşhuru Kəlbinin və Müqatil ibn Süleymanın təfsirlərdir. Әhməd ibn Hənbəl Kəlbinin təfsiri barədə deyib: “Başdan sona dək yalandır. Həmin kitaba nəzər etmək barədə soruşulduqda isə “yox” - deyə cavab verib.4

4) Şiələr hədis kitablarında Quran təfsirinə dair mövcud hədislərin hamısının səhih olduğunu iddia etmir, sadəcə bu hədislərin əhli-beyt imamlarından nəql etdiklərini deyirlər. Şiələr imamlardan düzgün əqidəyə və şəri hökmlərə dair hədislər nəql etdikləri kimi, Quran təfsirinə dair də çox sayda hədislər nəql etmişlər. Lakin, şiələr nəql etdikləri bu hədislərin hamısının səhih  və Quranın həqiqi təfsiri olduğuna da qəti inanmayıblar. Buna baxmayaraq, həmin hədislərin arasında Quranın təfsirinə dair çox sayda səhih hədislər var. Ona görə araşdırmaçı biri gərək bu hədislər arasından səhih olan və mötəbər olanı tapıb götürsün və uydurma olanı da tərk etsin.

Şiə olmayan digər məzhəbər isə əqidələrini müəyyyən kəslərdən, fiqhi hökümləri başqa kəslərdən, hədisləri isə tamam başqalarından öyrəniblər. Halbuki, şiələr öz dinlərini öyrənmək üçün yalnız imamlardan yapışıblar. Bu böyük nemətə görə Allaha şükürlər olsun.

_________________________________________________

1 “Camiul-məqal”, səh. 193

2 Ən-Nukat əla kitab İbn Salah, c.1, səh. 154

3 “əl-Burhan fi ulumil-Quran”, c.2, səh.156; “əl-Məqasidul-həsənə”, səh. 481; “Lisanul-Mizan”, c.1, səh.13

4 “əl-Məqasidul-həsənə”, səh.481

Şeyx Əli Ali-Muhsin

313news.net

Yerləşdirilib: 28 İyun, 2015  01:13 Baxılıb: 1141 Çap
Məqalələr