На русском

"Nəbi", "rəsul" və "imam" məfhumları arasındakı fərq nədir?

"Nəbi" kəlməsi «النبأ» - "nəbəə" sözündən kök taparaq "önəmli xəbər" mənasını ifadə edir. Buna əsasən mənası: "Önəmli bir xəbəri daşıyan və ya ondan xəbər verən" olacaqdır.

Qurani-Kərimdə bu söz vəhyi müxtəlif yollarla Allahdan alanlar barəsində işlədilib. Nəbi sözünün həqiqəti budur. Amma lüğət, təfsir və hədis kitablarında nəbi sözü barəsində qeyd olunan sifət və xüsusiyyətlər hamısı "nəbi" sözünün məfhumundan xaric olub, onun həqiqəti ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan xüsusiyyətlərə "nəbi" sözü uyğun gəlmir. Sadəcə olaraq xarici dəlillərin vasitəsilə həmin mənalar əldə edilir.

Şeyx Tusi "nəbi" sözünün tərifində deyir:

إنّه مؤد من اللّه بلا واسطة من البشر

"Nəbi  - arada vasitə olmadan xəbəri Allah tərəfindən çatdırandır, mənası xəbəri alan və onu Allah tərəfindən xəbər verəndir."

Amma "rəsul" kəliməsi əgər elçiliyi bəşər deyil, Allah tərəfindəndirsə, o zaman nübuvvət məfhumunun tərkibinə daxil olar. Buna əsasən, "rəsul" sözünün mənası: Allah tərəfindən hansısa sözün çatdırılması və ya hansısa əməlin icrasını öhdəsinə götürmüş şəxsdir.

Başqa sözlə, nübuvvət və risalət məfhumu əgər yalnız xəbəri almaq və əldə etmək xüsusiyyətinə işarə edirsə, o zaman bu nəbidir, amma aldığı xəbərin təbliğ və yayılmasına işarə edirsə, o zaman rəsuldur.

Bu iki məfhumun həqiqi və düzgün mənaları bunlardır. Ancaq bu iki məfhum barədə lüğət, təfsir, kəlam kitablarında qeyd olunan xüsusiyyət və özəlliklərin həqiqi mənayla əlaqəsi yoxdur.

Bu nəzəriyyəyə əsasən nəbi və rəsulun vəzifələri yalnızca qorxutmaq, çəkindirmək, təbliğ etmək, yol göstərməkdir, əmr vermək, qadağa etmək,  qərarlar qəbul etmək deyil, həmçinin ilahi vəhyi əks etdirmək və ilahi əmr və qadağaları təbliğ etməkdir.

Qurani-Kərim pəyğəmbər və rəsulları ümumi olaraq belə vəsf edir: "Allah, peyğəmbərləri müjdə verən və qorxudan olaraq göndərdi." (Bəqərə, 213) İslam peyğəmbəri barəsində isə belə deyir: "Belə isə, öyüd – nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd – nəsihət verənsən. Sən onların üzərində hakim deyilsən." (Ğaşiyə, 21 və 21)

Bu iki ayə və həmçinin, "Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır" (Maidə, 92) ayəsi, əvvəldə peyğəmbərin özündən heç bir əmr və qadağa vermədiyi xüsusiyyətini də nəzərə alsaq, bütün bunlar başqa bir həqiqətə işarə edir: "Peyğəmbətlərin cəmiyyətdə rolları və dəvətləri ancaq yol göstərmək və hidayət etməkdir."

Peyğəmbərlər nübuvvət və risalət çərçivəsində hərəkət edərkən böyük ciddiyyətlə hidayət etmək,  şəriətin qırmızı xəttlərini, əmr və qadağaları bəyan etmək, insanları səadət və qurtuluşa aparan yolları açıqlamağa səy edirlər. Bütün bunlar ilahi vəhy və əmrlərin işığında icra olunur və bu sahədə vəhydən ayrı müstəqil heç bir rəy və nəzərləri yoxdur. Dedikləri və etdikləri hər şey Allahın söz və əmrləridir. Onlar həqiqətdə yalnızca ilahi vəhyin açıqlayıcılarıdırlar.

Həqiqətdə ortada hidayət edən və yol göstərən yalnızca bir varlıq var ki, o da Allahdır. Peyğəmbərlər və rəsullar isə sadəcə olaraq əmrə tabe olanlardırlar. Bu səbəbdən onlara iman gətirib itaət edənlər həqiqətdə Allaha iman gətirib ona itaət edir, onları inkar edib qarşı çıxanlar isə həqiqətdə Allahı inkar edib ona qarşı çıxmış olurlar. Çünki peyğəmbərlərə  aid məxsusi itaət və üsyan mövcud deyil. Quran, bu həqiqəti belə açıqlayır: "Hər kim rəsula itaət etsə, həqiqətən Allaha itaət etmişdir" (Nisa, 80). Səbəb isə əmr verən kəsin həqiqətdə yalnız Allah olması, peyğəmbərin isə yalnızca ilahi vəhyin açıqlayıcısı olmasıdır.

Amma "Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik" (Nisa, 64) ayəsinə gəldikdə isə, bu ayə Allaha itaət və qarşı çıxmaqdan savayı peyğəmbər və rəsula aid məxsusi itaət və qarşı çıxmanın da olduğunu demir. Çünki ayədə keçən "Allahın izni ilə" sözü itaət olunan varlığın həqiqətdə Allah olduğunu, peyğəmbərə itaətin isə Allaha itaət olduğunu göstərir.

Әgər bu həqiqəti elmi terminlərlə ifadə etməyə çalışmaq istəsək, o zaman Allaha olan itaətin xüsusi predmet olduğunu, peyğəmbərə olan itaətin isə bu predmetə aparan yönləndirici vasitə olduğunu deməliyik. Biz yalnızca Allaha ibadət edirik. Çünki peyğəmbərə itaət eynilə Allaha itaət və ona aparan yoldan başqa bir şey deyil.

Bura qədər "nəbi" və "rəsul" kəlmələrinin həqiqi mənaları bizlər üçün aydın oldu. İndi isə bu iki kəlmənin mənəvi məqamlarını izah etmənin vaxtı gəlib çatdı. Nəbi və rəsul Allah tərəfindən imtahan olunub çətin bəla və müsibətlərə məruz qaldıqları zaman sahib olduqları kamal və istedadları ilə potensialdan real məqama yüksəlir və ilahi eşq ilə yanıb əriyərlər, bu məhəbətin qəlblərinə, hiss və atifələrinə hakim olduğu zaman isə Allahın zatına olan bu mütləq məhəbbət məqamına yetişər və bu zaman Allah onları vəhyi almaq, təbliğ etmək, müjdələmə və qorxutmaqla yanaşı ümmətin işlərini idarə etmək məqamına seçər. Bu məqam isə əmr, qadağa, cəmiyyəti kamala çatdırmaq üçün idarəçilik səlahiyyətlərinə sahib olan imamət məqamıdır.

Həmçinin, kamilliyindən asılı olmayaraq heç kimin başqaları üzərində hakimiyyəti yoxdur. Hakimiyyət yalnızca Allaha aiddir. Bəli, mümkündür bəzi məsləhətləri nəzərə alaraq, Allah-Təala həyatın müxtəlif çətinliklərindən üzü ağ çıxmış və seçilmiş kamil insana öz mütləq vilayətindən versin və onu imamət, vilayət, itaət və rəhbərlik məqamı ilə mükafatlandırsın, belə ki, bununla əmr və qadağa səlahiyyətinə sahib olub müstəqil itaət haqqı olmuş olsun.

Şübhəsiz, bu məqam yanızca vəhyi alan və ilahi hökmləri təbliğ etməklə məhdudlaşan nübuvvət və risalət məqamından fərqlənir. Çünki, imamət məqamına yetişmiş biri başqa bir məqam və dərəcəyə yüksəlmiş olur. Artıq həmin kəs, əvvəldə dediyimiz kimi, ümmətə rəhbərlik, cəmiyyətin  tənzimlənməsi və işlərinin idarəsi kimi böyük bir məsuliyyət daşımış olur. İmamət məqamından ayrı olan nübuvvət və risalət məqamında rəsula itaət eyni Allaha itaətdir və ortada iki növ müstəqil itaət yoxdur. Lakin rəsul, imamət məqamına yetişdikdə və bu vəzifəyə təyin olunmağa nail olduqda, artıq əmr və qadağa haqqına sahib olur və özünə məxsus müstəqil itaəti olmuş olur.

Ayətullahul-üzma Şeyx Cəfər Sübhani

313news.net

Yerləşdirilib: 8 İyul, 2015  16:58 Baxılıb: 1267 Çap
Məqalələr